REMBRANDT
Rembrandtın çəkdiyi özünün portreti (1660, London)
Rembrandt Harmens van Reyn (15 iyul, 1606, Leyden-4 oktyabr 1669, Amsterdam) holland boyakarı və qrafiki, dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri. Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden universitetində oxumuş (1620), sonralar Leydendə Y. van Svanenbürxdən (təqr. 1620-23) və Amsterdamda P. Lastmandan (1623) rəssamlıq dərsi almışdır. 1625-31 illərdə Leydendə işləmiş, 1632 ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrikye Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.). 1630-1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur. Bu illərdə qrup portretlər ustası kimi şöhrət qazanan Rembrandt külli miqdarda sifariş almış, yanına çoxlu şagird gəlmişdir. Rembrandt yaratdığı portretlərdə ("Doktor Tülpün anatomiya dərsi", 1632, "Saskiyanın portreti", təqr. 1634, "Saskiya ilə avtoportret", təqr. 1635 və s.) obrazların səciyyəvi cizgilərini məharətlə verə bilmişdir. Rembrandtın bu dövrdə çəkdiyi süjetli kompozisiyalarda ("Çarmıxdan endirilmə", 1634, "İbrahimin qurban verməsi", 1635, "Danaya", 1636, "Samsonun gözlərinin çıxardılması", 1636) bir tərəfdən barokko incəsənətinə xas dekorativ əlamətlər, digər tərəfdən isə obrazların realist şərhi özünü büruzə verir. 1642 ildə Rembrandt "Gecə gözətçiləri" əsərini başa çatdırmışdır.
|