Onun əsərləri ölkəmizin və
dünyanın bir çox muzeylərində, ABŞ, Belçika, İran, Türkiyə, Britaniya və
digər ölkələrdə sənətsevərlərin şəxsi kolleksiyalarında saxlanılır.
Sabir Çopuroğlunun əsərləri özünəməxsusluğu, fərqli işlənmə texnikası
ilə hər kəsi heyrətə gətirir. Çünki o, rəsm əsərlərini adi rəng, boya
ilə deyil, neftlə çəkir.
Əslən Borçalıdandır, 1956-cı
ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olub. Bakıda Ə.Əzimzadə
adına Rəssamlıq Texnikumunda, Gürcüstan Rəssamlıq Akademiyasında təhsil
alıb. Əsərləri 1980-ci ildən müxtəlif beynəlxalq sərgilərdə, o cümlədən
Türkiyə, Britaniya, Yaponiya, Avstraliya və İtaliyada nümayiş olunub.
İncəsənətə
fərqli maraq
Rəssamlığa uşaqlıqdan maraq
göstərib. "Uşaq vaxtı nənəmin tapşırığı ilə həyətimizdə tüstü
bacalarının borularındakı hisdən istifadə edib nəsə çəkmək istəyirdim.
Barmaqlarımla divarlara cızma-qara edəndə evdəkilər, əsas da nənəm çox
əsəbiləşərdi. O vaxtdan tədricən bu istiqamətdə beynimdə müxtəlif
ideyaların yarandığını hiss edirdim. O zaman qələmlə, fırça ilə də
hərdən rəsm çəkərdim. Amma fikirlərimdə heç kimə izah edə bilmədiyim
ideyalar yaşayır, daha da inkişaf edirdi”.
Neft
gölməçələrindən yaranan boya
Sabir Çopuroğlu
1989-cu ildə Bakıya gəlir. Burada onun həyatında yeni səhifə açılır:
"Neftdən boya kimi istifadə edib nəsə çəkmək, xəyalımda canlanan
ideyaları reallaşdırmaq istəyirdim. Günlərin birində neft buruqlarının
yanına getdim. Gölməçələrdə yığılıb qalan neftdən bir az özümlə evə
gətirdim. Bu, neft texnikası ilə tablo çəkmək istiqamətində başlanğıc
oldu. Tədricən işlənmə texnikasını təkmilləşdirdim və bu istiqamətdə
yaradıcılığı davam etdirdim”. Rəssam əsərlərini əlləri və
dırnaqları ilə çəkir. Boya kimi istifadə etdiyi isə tək neft deyil.
Neftlə qarışıqdan aldığı boya məhsulunu da özü hazırlayıb. Hazırladığı
boya maddəsi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi tərəfindən patentə layiq görülüb.
"Tarixi
mövzularda rəsmlərə daha çox üstünlük verirəm”
Əsərlərinin
mövzu dairəsi rəngarəng olsa da, daha çox tarixi mövzulara üstünlük
verir. 600-dən artıq tablonun müəllifi olan rəssam ölkəmizin dünyada
tanıdılmasında xüsusi rolu olan neftdən istifadə etməklə həm də
Azərbaycan həqiqətlərini tanıdır dünyaya. Əsərlərində Qarabağ mövzusu,
Azərbaycanın yeni tarixi xüsusi yer tutur. Bakını çox sevir. Şəhərin
tarixi keçmişi, bugünü ilə bağlı Abşeron silsiləsindən olan əsərlər
yaradıb. Söhbət zamanı neftlə çəkilmiş rəsmin adi rənglərlə
çəkilmiş rəsmlərdən nə ilə fərqləndiyini soruşuram. ”Rəngli boyalarda
hər cür rəng var, amma neft belədir ki, o bir rəngdədir. Ancaq bizə elə
gəlir ki, neftdə bir rəng var, əslində isə neftin bir neçə rəngi, çaları
var, sadəcə olaraq onları almaq lazımdır. Əsas odur ki, iş yaxşı olsun,
rəng rəssamlıqda elə də böyük rol oynamır”. 2006-cı ildə Sabir
Çopuroğlu neftlə çəkdiyi rəsmlərə görə Almaniyaya dəvət olunur.
"İncəsənətdə sülh" II Beynəlxalq Simpoziumda Azərbaycanı uğurla təmsil
edən istedadlı rəsam 16 dövlətin 32 nümayəndəsi arasında birinci yeri
tutur. Ayrı-ayrı ölkələrdə keçirilən sərgilərdə mükafatlara layiq
görülüb. Daim yeni-yeni yaradıcılıq axtarışlarında olan rəssam yaxın
gələcəkdə Almaniyada, Qazaxıstanda, Fransada, Birləşmiş Ərəb
Əmirliklərində fərdi sərgilərinin təşkilini də planlaşdırır.
Neftlə
çəkilən rəsmlərə daha çox əcnəbilər maraq göstərir
Sabir
Çopuroğlunun yaradıcılığında, onun hər bir əsərində Azərbaycanın
keçmişi, tarixi, mədəniyyəti əks olunur. Bu gün fəxrlə demək olar ki,
neftlə rəsm çəkən yeganə sənətkar olan Sabir Çopuroğlunun əsərləri bütün
dünyada qəbul olunur. Sənətkarın əl işlərinə daha çox əcnəbilər maraq
göstərir. Sərgilərinin təşkilatçıları, onu tanıdanlar əsasən
əcnəbilərdir. Amma fərqli yaradıcılığa malik istedadlı rəssam Sabir
Çopuroğlu həmişə azərbaycanlı olmağı ilə, Azərbaycanı, onun neft
səltənətini dünyada öz fərqli üslubu ilə tanıtmağı ilə fəxr edir.
Sənətkar bu gün də yaradıcılıq axtarışındadır. Daima işləmə texnikasını
zənginləşdirən rəssam öz məktəbini yaratmaqdadır. Təsviri-incəsənət
ixtisası üzrə təhsil alan övladını da bu yolda yetişdirir - sənətinin,
neft texnikası ilə işləmə məktəbinin davamçısı kimi...