Ömər Eldarov | |
Doğum tarixi | 1927 |
Doğum yeri | Dərbənd, Dağıstan, Rusiya |
|
Ömər Eldarov - Azərbaycanın xalq rəssamı, Milli Elmlər Akademiyasının həqiqi üzvü, heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru.
Ömər Eldarov 1927-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.
Məşhur mədəniyyət və incəsənət xadimi, heykəltəraş Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilib.
Əsərləri


Ömər Eldarov un yaradıcılığına bələd olanlar razılaşarlar ki, onun əsərlərində gərgin, dramatik vəziyyətlərə təsadüf etmək çətindir. O, daha çox lirik, poetik mövzulara meyl göstərir. Bu baxımdan heykəltəraş şairə "Xurşidbanu Natəvan" (1961) heykəlini yaradıb. Bu əsərdə sənətkarın əvvəlki əsərlərinin heç birinə bənzəməyən oryinallığı və məna çalarlığı ilə seçilən cəhətlər çoxdur. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarıb. Bu gün biz Bakının izdihamlı yerlərindən birində ucaldılan "Natəvan" abidəsinə diqqətlə baxanda tamam başqa bir aləmlə rastlaşırıq. Şairə Natəvanın obrazında incəlik, nəcibliklə bərabər Azərbaycanın mübariz qadınlarına xas olan ən ali duyğuları görmək, mənalı baxışında bir mütəfəkkirin işıqlı nəzərlərini hiss etmək mümkündür. Onun hər bir cizgisi paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər - hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimiz önündə canlandırır. Hiss edirsən ki, şairə fikir dəryasındadır. O, bu saat nə isə yazacaq, qəlbinin duyğularını kağıza köçürəcəkdir. İki küçənin kəsişmə nöqtəsində yerləşən heykəlin sağ və solunda klassik memarlıq binaları və 50-ci illərin tipik eklektik fasadları yerləşir. Azərbaycan kinoteatrı abidə üçün fon rolunu oynayır. Kinoteatrın fasadının oyuq şəkilində həll olunması heykəlin dairəvi kürsülüyü ilə uyarlıq təşkil edir. Adama elə gəlir ki, əsər bu ölçülərdən bir qədər kənara çıxsaydı, bəlkə də indiki effekti verə bilməzdi. Heykəltəraş və memar E. İsmayılov və F.Leonteva heykəli düzgün həll edərək Natəvanın təntənəli paltarının qatlarına sanki bir dairəvi hərəkətlik verməklə fiquru dairəvi qranit kürsülük üzərində yerləşdiriblər. Qranit kürsülük milli ornamentlərlə bəzədilib. Abidə bütövlükdə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və heykəltəraşlıq sənətimizin Qızıl Fonduna daxil edilib.
Vyanada Üzeyir Hacıbəyovun abidəsi



Vyanada Üzeyir Hacıbəyovun abidəsi
Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Avstriyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, Vyana ictimaiyyətinin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Avstriya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, sənət adamları, elm və mədəniyyət xadimləri, Avstriyada yaşayan, işləyən və təhsil alan soydaşlarımız iştirak etmişlər.
Üzeyir Hacıbəyov Azərbaycan bəstəkarı və dramaturqu, Şərqin musiqili teatrının və konservatoriyasının banisi olmuşdur və həmçinin müsəlman Şərqində operanın əsasını qoymuşdur. Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü ilə bu abidə ona ehtiram olaraq, 30 may 2006-cı ildə ucaldılmışdır. Abidənin müəllifi heykəltəraş Ömər Eldarov dur.

Heydər Əliyevin tapşırığı ilə memar Ömər Eldarov İhsan Doğramacının heykəlini hazırlamış və 2002-ci ilin iyun ayında Bilkənt Universitetində abidənin açılışı olmuşdur.
Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi
