"Dağ çayı”nın coşub çağladığı,
"Külək”lərinin tüğyan etdiyi, "Muğan söyüdləri”nin baş-başa verdiyi,
"Yaz çiçəkləri”nin "Laləli düzlər”də "Yaşıl xalı” sərdiyi, "Sərv
ağacları”nın həzin bir sükuta büründüyü Vətənimiz gözəldir. "Xəzər
üzərində axşam şəfəqləri”, "Kür üzərində qürub” görünəndə, "Mavi
qayalar”, ”Qırmızı dağlar” könül oxşayanda bu gözəlliklər sirli möcüzəyə
dönür. Bu gözəlliyi görmək, duymaq üçünsə rəssam gözü ilə baxmaq
lazımdır.
Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri
Azərbaycanın gözəlliklərinin kətan üzərində ecazkar əksidir. Dahi fırça
ustası Azərbaycan təbiətinə, onun dilbər guşələrinin gözəlliyinə həsr
edilmiş yüzlərlə əsərlər çəkib. S.Bəhlulzadənin mənzərələrində
Azərbaycan təbiətinin zəngin məzmunlu, əsl poetik obrazını görmək
mümkündür. Rəssam yaratdığı tablolarda təbiətin coşqun sevincini, güllü
baharını və həzin xəzan günlərini dərin bir həssaslıqla əks etdirib. Bu
mənzərə motivlərindəki böyük gözəllik, incə şeriyyət qəlbləri
ovsunlayır. Rəssam Azərbaycanı qarış-qarış gəzərək yurdumuzun təbiətini,
zəhmətkeş və sadə insanlarını böyük bir istedadla tablolara köçürüb.
Göygöl
mənzərələri
Vətənimizin təkrarsız mənzərələri
Xalq rəssamı Hüseyn Əliyevi də daim düşündürən, yaradıcılığına ilham
verən mövzular olub. Onun əsərlərində Azərbaycan təbiətinin gözəlliyi
ilə insanının vüqarı, mənəviyyatı, ən müqəddəs hissləri bir-biri ilə
vəhdət təşkil edərək rəssamın poetik duyğularının tərənnümünə çevrilir.
Rəssamın rəngli boya ilə yaratdığı təbiət təsvirləri seyrçidə sənət
çiçəklərindən hörülmüş çələng ovqatı yaradır.
Rəssam 1973-cü ildə
Göygöldə olarkən çəkdiyi lövhələrdə təbiətin bu nadir incisinin
gözəlliyini rənglərin dilinə çox ustalıqla çevirib. Rəssamın "Göygöl
mənzərələri” silsiləsindən olan tablolarında təbiətin gözəllikləri ilə
yanaşı, insan əməyi bərəkətli torpağa, enişli-yoxuşlu dağ yollarına,
yaşıl meşələrə həkk olunub. Rəssam Göygölün mavi sularını, Kəpəz dağının
füsunkarlığını ustalıqla kətana naxışlayıb.
Azərbaycan
təbiətinin gözəlliklərindən vəcdə gələn rəssam "Möcüzə məndə deyil,
təbiətdədir. Kətanlarda biz onun mində birini ancaq təsvir edə bilirik.
Azərbaycan təbiəti bitməyən, tükənməyən rənglər aləmidir. Hər rəngin də
öz hüsnü var. Əgər biz rəssamlar bu gözəlliyi yetərincə duyaraq fırçamız
vasitəsilə ünsiyyətini tapa bilsək, xarüqələr yaradarıq", - deyə
bildirirdi.
Vətəninin hər qarışını böyük məhəbbətlə öz
duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın
"Zəngəzur dağları", "Zəngəzur mənzərəsi", "Şəki şəlaləsi", "Urud
qalası", "Meşədə qış", "Payız", "Qürub çağı", "İlanlı dağ" kimi əsərləri
dərin müşahidə və incə zövqün, fitri istedadın məhsulu idi.
Ölkəmizin
füsunkar gözəlliyi Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Tahir Salahov,
Toğrul Nərimanbəyov və digər dünya şöhrətli rəssamlarımızın da
yaradıcılığında geniş əks olunub. Böyük sənətkarlar incə təsvirləri ilə
insanlarda yurdumuzun gözəlliklərinə qarşı böyük məhəbbət hissi
yaratmağa nail olublar.
Bu əsərlərin hər birini seyr edən
tamaşaçı Azərbaycan torpağının al-əlvan təbiəti, sadə, istedadlı və
qonaqpərvər insanları ilə yaxından tanış ola, rənglərin qüdrəti ilə
tablolarda əks olunan möcüzəli simfoniyaların, milli musiqimizin,
adət-ənənələrimizin, duyğu və düşüncələrimizin sədasını eşidə bilər.