Azərbaycan Karikaturaçı
Rəssamlar Birliyinin 5 yaşı tamam olur
Yüz
dörd il əvvəl oxucularına "Sizi deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım!” deyə müraciət edən "Molla Nəsrəddin» (Cəlil
Məmmədquluzadə) xalqının təzadlı yaşantılarına, əhatələndiyi gerçəkliyə o
dövr üçün yeni olan satirik "bədii güzgü” tutmaqla millətlər arasında
imzasının görünməsinə haqqının çatdığını müasirlərinə izah etmək
istəyirdi.
1906-cı ildən işıq üzü
görməyə başlayan jurnalda millətin dərdi nə qədər sözlə ifadə
olunurdusa, deyilənlər oxuculara bir o qədər də rəngli, gülməli və
düşündürücü şəkillərlə - əyani təqdim olunurdu. Əgər desək ki, hələ də
savadsızlığın kifayət qədər ağalıq etdiyi məkanda təsvirin təsiri sözdən
önə çıxmışdı, səhv etmərik.
Mirzə Cəlil bunu çox gözəl
bildiyindən bu təsir vasitəsinin gücünü jurnalda daha da artırmağa səy
göstərirdi. Amma ideyalarının təsvirə çevrilməsində ona əcnəbi Oskar
Şmerlinq və İozef Rotter kimi rəssamların yardımçı olmaları Mirzə Cəlil
üçün nə qədər xoş idisə, onların yanında həm də milli kadrları görmək
onun ən böyük arzusuydu. Az sonra böyük ədibin arzusu çin oldu. "Molla
Nəsrəddin» jurnalında sonralar qürurverici ənənəyə çevriləcək "Əzim
Əzimzadə karikatura məktəbi”nin bünövrəsi qoyuldu.
"Molla
Nəsrəddin” məktəbini keçmiş X.Musayev, Ə.İbrahimzadə, S.Behzad,
Q.Xalıqov, İ.Axundov və H.Əliyevin ardınca, 1952-ci ildən çap olunmağa
başlayan "Kirpi” jurnalının səhifələrində öz satirik duyumunu
reallaşdıran N.İsmayılov, Z.Kərimbəyli, S.Şərifzadə,
A.Quliyev,A.Ələsgərov, Ə.Zeynalov, Y.Əsədov, S.Cəfərov, V.İbrahimoğlu,
B.Qasımov, B.Hacızadə, H.Nəsiroğılu, S.Soltanlı və b. öz yaradıcılıqları
ilə milli karikatura ənənələrimizi inkişaf etdirməklə təsviri
sənətimizin bu janrının dünya miqyasına çıxmasına və tanınmasına nail
oldular.
Bu beynəlxalq uğurun son 5 illik tarixi bilavasitə
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin fəaliyyəti ilə bağlıdır.
2005-ci ildə təsis olunan qurum elə həmin ildə Beynəlxalq
Karikaturaçılar Təşkilatları Federasiyasına (FECO) üzv seçildi. Əlavə
edək ki, bu gün keçmiş sovet respublikaları arasında ancaq Azərbaycan bu
mötəbər təşkilatda təmsil olunur.
İlk günlər 15 üzvü olan
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin bu gün 100-dək üzvü var.
Qurum fəaliyyətə başladığı ilk gündən Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Rəssamlar İttifaqı, digər nazirlik və təşkilatlarla birlikdə
müxtəlif sərgilər, yaddaqalan tədbirlər keçirib. Bu sırada "Azərbaycan
karikaturaçı rəssamları”(2005), "Biz və karikatura” (2006), "Molla
Nəsrəddin-100”(2006), "Molla Nəsrəddin və Molla Nəsrəddinçilər”(2006),
"Azərbaycan karikaturası dünən və bu gün”(2007), "Bu, bizlikdir”(2007),
"Əzimzadənin davamçıları”(2008), "Müasir Azərbaycan karikaturası”(2008)
kimi tədbirləri qeyd etmək olar.
Birliyin 2008-ci ildən başlayaraq
Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Karikaturaçılar
Təşkilatları Federasiyasının dəstəyi ilə "Molla Nəsrəddin” adlı
beynəlxalq karikatura müsabiqəsi təşkil etməsi həm də ölkəmizin mədəni
məkanında baş verən yeniliklərin dünya miqyasında yayılması deməkdir.
Hər il bu müsabiqəyə 50-dən çox ölkənin 500-dən çox karikaturaçısının
qatılması Azərbaycanının çox yaxın gələcəkdə beynəlxalq karikatura
mərkəzinə çevrilmə ehtimalını gücləndirir. Azərbaycan Karikaturaçı
Rəssamlar Birliyinin rəsmi saytı (www.azercartoon.coom) və təşkilatın
"Biz və karikatura” jurnalının davamlı nəşri qurumun beynəlxalq
əlaqələrinin genişlənməsinə xidmət edir.
Beynəlxalq karikatura
yarışlarında, sərgi və festivallarda ölkəmizi təmsil edən Yavər Əsədov,
Elman Mirzəyev, Hafiz Nəsiroğlu, Soltan Soltanlı, Seyran Cəfərli və
Bayram Hacızadənin müxtəlif dərəcəli mükafatlar əldə etmələri isə
onların həm də Azərbaycan karikaturasının tarixi-bədii ənənələrini
layiqincə davam etdirdiklərini təsdiqləyir.
Bu və digər dilə
gətirmədiyimiz uğurlu yaradıcılıq nəticələrinin əldə olunmasında quruma
rəhbərlik edən Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Bayram
Hacızadənin danılmaz rolu var. Onun müəllifi olduğu "Azərbaycanın
karikaturaçı rəssamları”(2005), "100 illik karikatura tariximiz”(2006),
"Azərbaycan karikaturası dünən və bu gün”(2007), "Müasir Azərbaycan
karikaturası”(2007), ”Azərbaycan karikaturasının inkişafı”(2008), "Dünya
karikaturası”(2009), "Vremya. Lyudi. Karikatura.(2009), ”Oil and
Cartoon”(2010) adlı Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş
kitabları Azərbaycan təsviri sənətinin öyrənilməsi və təbliğinə
xidmətdir. Onun təşəbbüsü ilə Bakıda keçirilən "Molla Nəsrəddin” -
Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinin təşkilati məsələlərinin
yüksək səviyyəsinə, səsvermənin obyektivliyinə və şəffaflığına görə
Beynəlxalq Karikatura Təşkilatları Federasiyası tərəfindən ən yüksək
balla - 5 ulduzla qiymətləndirilməsi, heç şübhəsiz, B.Hacızadənin
işgüzarlığının nəticəsidir. Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində
bu sahədə uzun illər fəaliyyət göstərən karikatura təşkilatlarının bir
çoxu 20 ildən artıq bir müddət ərzində müsabiqələr təşkil etmələrinə
baxmayaraq bu qiyməti hələ də ala bilməyiblər.
Sonda əlavə olaraq
demək istəyirəm ki, Gennadi Çeqodayevin (Rusiya) "B.Hacızadənin səmərəli
işi sayəsində Bakının dünyanın daha bir yumor paytaxtına çevriləcəyinə
inanıram” fikrinin nə vaxtsa gerçəkləşəcəyinə biz də şübhə etmirik. Və
sonda, 5 yaşı tamam olan Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə
yeni uğurlar arzulayırıq.
Ziyadxan Əliyev,
Əməkdar
incəsənət xadimi
Yeri gəlmişkən,
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin keçirdiyi "Molla Nəsrəddin -
Azərbaycan - 2010” beynəlxalq karikatura müsabiqəsinə artıq yekun
vurulub. 55 ölkədən 500 rəssamın qatıldığı müsabiqənin nəticələri
aprelin 28-də elan ediləcək.